AVRO-2016: Finalçılar müəyyənləşir

Bu gün 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yarımfinal görüşləri olacaq.

apasport.az  xəbər verir ki, hər iki matç eyni gündə baş tutacaq və "Dalğa Arena"da oynanılacaq.

Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşacaq. Matç saat 15:00-da başlayacaq. Çempionata milli komandamızla birlikdə A qrupunda start verən Portuqaliya qrup lideri kimi çıxdığı 1/4 finalda Avstriyanı darmadağın edərək finalın bir addımlığına kimi irəliləyib. Hollandiya da yarışın əsas favoritlərindən hesab olunur. "Portağallar" D qrupunu ikinci yerdə tamamladıqdan sonra isveçli həmyaşıdlarını da minimal hesabla məğlub ediblər və Portuqaliyaya rəqib olublar.

Günün ikinci matçında Almaniya ilə İspaniya münasibətlərinə aydınlıq gətirəcəklər. B qrupunun birincisi olan "Bundestim" 1/4 finalda Belçikanı məğlub etdikdən sonra final uğrunda "buğalar"ı yolundan kənarlaşdırmalıdır.  Ancaq bu o qədər də asan olmayacaq. Çünki D qrupunun lideri olan İspaniya İngiltərəni də məğlub etdikdən sonra gözünü çempionluğa dikib.

17 yaşlı futbolçular arasında Avropa çempionatı
1/2 final
18 may

15:00. Portuqaliya - Hollandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Qunnar Yarl Consson (İslandiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Ludovik Mikallef (Malta)
"Dalğa Arena"

20:00. Almaniya - İspaniya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Ville Nevalaynen (Finlandiya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
"Dalğa Arena"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31