7 futbolçu mövsümü başa vurdu

Azərbaycan Premyer Liqasında 7 futbolçu mövsümü başa vurub. Apasport.az xəbər verir ki, XXXV turun qarşılaşmalarından sonra cəzalı duruma düşən oyunçular mayın 21-də baş tutacaq son matçlarda iştirak edə bilməyəcəklər. Onlardan biri qırmızı, altısı sarı vərəqə limiti üzündən mövsümü başa vurub. "Qarabağ"ın üzvü Eltun Yaqublu "Rəvan"la görüşdə meydandan qovulduğundan AZAL-la son turun matçında, çempionluq kubokunun təqdim olunacağı oyunda meydana çıxmayacaq. "Təyyarəçilər" isə həmin matça daha ciddi itkilərlə çıxmaq məcburiyyətindədi. Bakılılar 4-cü sarı vərəqəsini alan legionerləri Adan Koronado və Aleksandr Qurulinin xidmətindən məhrumdu. Bu oyunçular "Qəbələ" ilə səfər qarşılaşmasında 4-ə çatıb. Sonuncuların hücumçusu Ermin Zets isə həmin oyunda 8-ci xəbərdarlığına üzülüb. O, sonuncu turun "Kəpəz"lə səfər görüşündə "istirahət edəcək". "Zirə"nin "Kəpəz"lə ev oyununda "sarı" alan Nelson Bonilla da mövsümü başa vurub. 8-ci dəfə xəbərdarlıq edilən salvadorlu son turun "İnter"lə matçını buraxacaq. "Bankirlər" isə 4-ə çatan Laşa Salukvadzenin xidmətindən məhrum olub. "Sumqayıt" da son tura itki ilə çıxacaq. "Neftçi"ni qəbul edəcək komanda 4-cü dəfə sarı vərəqə alan Bəxtiyar Həsənəlizadəni itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31