Herman Tilke: "Bakıda keçiriləcək Avropa Qran Prisi unkial yarış olacaq"

"Formula-1" üzrə Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasının (BŞH) memarı Herman Tilkenin Bakıda mətbuat konfransı təşkil olunub. Məlumata görə, konfransda onunla yanaşı, BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer də iştirak edib. Herman Tilke treki gəzdiyini, bütün işlərin qrafikə uyğun və vaxtında aparıldığını bildirib: "Formula-1" üzrə Avropa Qran Prisinin başlanmasına 5 həftə qalıb. Bütün işlər vaxtında yekunlaşacaq. Yarış üçün bütün lazımi şərait yaradılacaq. Mütəxəssislər üzərlərinə düşən vəzifənin öhdəsindən lazımınca gəlirlər. Asfalt örtüyünün çəkilməsi başa çatıb. Beton bloklar və hasarlar çəkilir. Nəqliyyatı nəzərə alaraq bu işlər gecə saatlarında aparılır. Bu yarış üçün bütün yüksək standartlar yaradılacaq". Mütəxəssis trasla bağlı bir neçə pilotla da fikir mübadiləsi apardığını bildirib: "Mən simulyatorda yarış halqasını başa vurmuş bir neçə pilotla da danışmışam. Onlar Bakıya gəlməyi səbirsizliklə gözləyirlər. Trasla bağlı heç bir problemimiz yoxdur. Burada təhlükəsizlik yüksək səviyyədədir. Bu işlərə bir il müddətində hazırlıq aparılıb. Sərt döngələr üçün Amerikadan xüsusi təhlükəsizlik baryerləri gətirmişik. Marşallar isə qarışıq heyətlərdən ibarətdir. Onlar öz işlrərinin peşəkarlarıdır". Herman Tilke deyib ki, Bakı Şəhər Halqası üçün öncədən 3 variant işlənib hazırlanmışdı: "Bakı şəhərinin ən gözəl yerlərinin görsənməsi və mürəkkəb tras məqsədi ilə hazırki variant seçilib. İyunun 16-da tras istismara veriləcək. Bura şəhər treki olduğu üçün işlər yarış həftə sonunadək davam edəcək. Şəhərin mərkəzini, yolların tam olaraq bağlanmamasını nəzərə alaraq işləri mərhələli şəkildə həyata keçiririk. Tras şəhərdən kənarda olsaydı, işləri sürətlə apamaq çox asan olardı". Memar Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin unkial yarış olacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31