“Onlar özləri utanacaqlar"

"Qəbələ"nin kapitanı Rəşad Sadiqov "Neftçi" ilə kubok oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Milli.Az qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir.

- Fərqli iki hissə oldu. İlk hissədə yaxşı oynasanız da, ikinci hissədə bunun davamını gətirə bilmədiniz...

- Açığı, ikinci hissədə əks hücumlara bel bağlamışdıq. Çünki, "Neftçi"nin bütünlüklə hücuma keçəcəyini bilirdik. Doğrudan da, ikinci hissədə "Neftçi"ni əks hücumlarda yaxalayıb 3-4 yüz faizlik qol epizodu yaratdıq. Düşünürəm ki, səfərdə 1:1 hesablı nəticə pis deyil.

- İkinci hissədə hesabı qorumaq istəyirdiniz, yoxsa?

- Hesabda öndə idik. Rəqib istər-istəməz çoxluqla hücuma gedəndə və əks hücumda onları yaxalayanda 2-3 nəfər arxada tutursan və qol epizodu yaratmaq şansı çox olur.

- Penalti epizodu ilə bağlı nə deyə bilərsən?

- Penalti epizodu, doğrudan da, gülünc idi, biabırçılıqdı. Mənə elə gəlir ki, o epizoda baxsalar, hakimlər özləri utanacaqlar. Artıq neçənci dəfədir ki, belə olur. Penalti oluğunu bilsələr də, vermədilər. Bilmirəm bu, nə ilə bağlıdı.

- Qırmızı vərəqə aldığın epizodla bağlı fikirlərin necədir?

- Əliyara "çox sağ ol" deyirəm. Məni harada tutursa, qırmızı vərəqə verir. "Qarabağ"la oyunda da mənə qırmızı vərəqə vermişdi. Epizoların birində Qara Qarayevlə yüngül təmasa girmişdim. Qara özü də aldığım qırmızı vərəqəyə görə şoka düşmüşdü. Biabırçılıqdı.

- Baş məşqçiniz Roman Qriqorçuk da hakimlikdən narazılıq edir. Mütəxəssis hakimlərin səhvi üzündən 15 xal itirdiyinizi düşünür...

- Doğrudan da, bu il belə hallarla çox üzləşmişik. AZAL-la oyunda təmiz qolumuzu saymadılar. "Kəpəz"lə oyunda 11 metrlik cərimə zərbələri...Belə şeylər olur. Doğrudan da, bu gün hər şey pik nöqtəsinə çatdı.

- Bunu hər hansı qərəz kimi qəbul etmək olar?

- Bunun qərəz olub-olmadığını bilmirəm. Əgər hər dəqiqə qırmızı verirsə, deməli, qərəzdi. Hakim 1 dəfə səhv edər, 2 dəfə edər... Hər dəfə edilən səhv isə normanı aşır.

- 1-1 oyunun ədalətli nəticəsi idi?

- Həddindən artıq qol epizodlarımız oldu. Bu hesaba görə, təəssüflənmirik.

- Cavab oyununda forma geyinə bilməyəcəksən. Komandanın şanslarını necə dəyərləndirirsən?

- İnşallah komandamız finala vəsiqə qazana biləcək.

- Bürünc medal və ya kuboku qazanmaq. Demək olar ki, "Qəbələ" mövsümü xilas etmək üçün bu ikisini yerinə yetirəcək...

- Bu cür komandaya üçüncü pillədə qərarlaşmaq yaraşmır. Ən azından kubok qazanmalıyıq ki, mövsümü titulla başa vuraq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31