Zidan: "Biz risk etmək istəmədik"
27 Aprel 2016 18:47 İdmanTarixində ilk dəfə Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan "Mançester Siti" mərhələnin birinci görüşündə "Real"la qolsuz bərabərliyə razılaşıb. Goal.az xəbər verir ki, matçdan sonra "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan cavab görüşündə şansların bərabər olduğunu diqqətə çatdırıb.
"Ronaldu tam hazır deyildi. Biz risk etmək istəmədik. O, narahatlıq hiss edirdi. Kriştianu yaxın günlərdə ümumi qrupa qayıdacaq. Cavab oyununda meydana çıxa biləcəyinə ümid edirəm. Hər şey yaxşı getsə, tezliklə yaşıl meydanlara qayıdacaq. Benzemanın da zədəsi vardı. O, 90 dəqiqə oynamaq istəyirdi. Fasilədə Kərimi əvəzlədik. Durumun nə dərəcədə ciddi olduğunu sonra biləcəyik. Bütün futbolçular komanda üçün vacib olduqlarını bilirlər. Benzema və Ronaldu olmayanda digər futbolçular çıxıb yaxşı oynayacaqlar. Komandanın psixologiyası belədir. Bərabərlik yaxşı nəticə idi. Matç çətin alındı, biz mübarizə apardıq. İkinci hissədə tempi artırmağa nail olduq. Əsası yaxşı nəticə qazanmaqdır. Fasilədən sonra qol vəziyyətlərimiz oldu. Cavab oyununda şanslar bərabərdir. İndi dincəlmək, qüvvəmizi bərpa etmək lazımdır".