"Bombardir olmağım lətifəyə bənzəyir"
27 Aprel 2016 18:43 İdman"Azərbaycan çempionatında çox yaxşı rəqabət var. Hər komanda bizə qarşı "döyüşür". Bu səbəbdən də asan qələbə olmur". Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Dani Kintana deyib.
İspaniyalı legioner vətənində verdiyi müsahibəsində Topaz Premyer Liqasının səviyyəsi haqda fikirlərini açıqlayıb: "Lakin iqtisadi böhran Azərbaycan çempionatına da təsirsiz ötüşməyib. Buna baxmayaraq, iki komandanın Avropa Liqasına düşməsi ilə Premyer Liqa ümumi səviyyəsini qoruya da bilib".
Dani son vaxtlar çempionatımıza gələn ispaniyalıların uyğunlaşmada problemi olmamağını da qabardıb: "İspaniyalılar bu ölkəyə yaxşı uyğunlaşırlar. Burada həmyerlilərim çox olduğundan bir-birimizi tapıb, ünsiyyət qurmağımız asandır. Bir çox ölkədə çıxış etmişəm və Azərbaycanla onlar arasında böyük fərq görmürəm. Təbii ki, din və mədəniyyətdə fərqlənirlər. Amma orada da istədiyimizi tapmaqda çətinlik çəkmirik. Azərbaycanda İngiltərə və İspaniya çempionatlarına marağın da böyük olduğunu müşahidə edirəm".
10 qolla bombardirlər yarışının liderləri sırasında olan Kintana bildirib ki, hər qarşılaşmada yüksək səviyyədə oynamağa çalışır: "Hansısa fərdi mükafat iddiasında deyiləm. Ayrı-ayrı oyunların hər birinə bütün bacarığımı nümayiş etdirmək üçün çıxıram. Bizim üçün əsas kollektivin uğurudur. Bunun da nəticəsində ən yüksək səviyyədə çıxış edə bilirik və bunu hər il Avropada göstəririk. Mənim vəziyyətimdə bombardir olmağım lap lətifəyə bənzəyir. Axı mən hücumçu deyiləm, hücumameylli yarımmüdafiəçiyəm. Bu üzdən hətta vurmalı olduğumdan da artıq qola sevinmişəm".
Kintana 2015-ci ilin martında "Qarabağ" keçib, bir müddət oynaya bilməməyini də xatırlayıb: ""Qarabağ" rəhbərliyi hələ 2014-cü ilin yayında mənimlə əlaqə saxlamışdı. Amma həmin vaxt mənim transferim çox baha idi. Bu üzdən keçidim alınmadı və mən Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçdim. Lakin orada işlərim yaxşı getmədiyindən azad agent statusu aldım. Bilirdim ki, artıq iki klubda oynadığımdan mövsümün son 6 ayını heç yerdə çıxış edə bilməyəcəyəm. Belə vəziyyətdə "Qarabağ" məni xatırladı və onların təklifini müsbət dəyərləndirib, Azərbaycana yollandım".