Madrid nəhəngləri məğlubedilməzlərə qarşı

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır. Apasport.az xəbər verir ki, aprelin 27-də və 28-də final yolunda ilk qarşılaşmalar baş tutacaq.

Öncə meydana "Mançester Siti" ilə "Real" çıxacaq. Ölkə kubokunda mübarizəni çoxdan dayandıran və Primeroda da çempionluq şansı elə də yüksək olmayan "Kral klubu" bütün ümidini bu turnirə yönəldib. Eyni vəziyyət "şəhərlilər" üçün də keçərlidi. Manuel Pelleqrininin komandası daxili yarışlarda kubok şansını əldən verdiyindən, mövsümü ilk dəfə yarımfinalına qədər gəldiyi ÇL-in qalibi kimi bitirmək arzusundadı.

"Real" İngiltərəyə ciddi problemlərlə yollanıb. Belə ki, komandanın lideri Kriştianu Ronaldo və digər aparıcı hücumçu Kərim Benzema zədədən əziyyət çəkirlər. Ronaldo bu üzdən Primeronun ötən turunu buraxmışdısa, Benzema məhz "Rayo Valyekano" ilə qarşılaşmada xəsarət almışdı. Baş məşqçi Zinəddin Zidan portuqaliyalının matça hazır olacağını, fransalının isə durumuna oyun günü aydınlıq gələcəyini bildirib. Həmçinin, müdafiəçi Daniel Karvahal da hazırda zədəlidi.

"Mançester Siti"də də zədə problemi mövcuddu. Premyer Liqanın son matçında zədələnən yarımmüdafiəçilər Yaya Ture və Fernandonun oynayacağı sual altındadı. Eyni vəziyyət bir müddətdi zədədən əziyyət çəkən digər orta sahə oyunçusu Samir Nəsri və mərkəz müdafiəçisi Vensan Kompani üçün də keçərlidi. Əsas heyət üzvlərindən Serxio Aquero, Nikolas Otamendi və David Silva son matçda yüngül xəsarət alsalar da, onların iştirakı üçün bir maneə yoxdu.

Aprelin 27-də isə "Bavariya İspaniyada "Atletiko"nun qonağı olacaq. Almanları ağır səfər öncəsi heyətdəki itkilər narahat etməyə bilməz. Mərkəz müdafiəçiləri Holqer Badştuber və Jerom Boatenq, eləcə də komandanın liderlərindən olan Aryen Robben hələ də sağalmayıb. "Atletiko"nun isə ən böyük itkisi Dieqo Qodindi. Həm uruqvaylı müdafiəçi, həm də braziliyalı yarımmüdafiəçi Tiaqo çox güman ki, qarşılaşmanı buraxacaq.

Bu itkilərə baxmayaraq, "Bavariya"nın işinin Madriddə asan olmayacağı şübhəsizdi. Primeroda hələ də çempionluq uğrunda mübarizəni davam etdirən Dieqo Simeonenin komandası "Barselona"dan sonra Çempionlar Liqasının daha bir favoritini sıradan çıxarmaq əzmindədi.

Cütlüklərlə bağlı əsas diqqət çəkən məqamlardan biri də "Mançester Siti"nin son 7, "Bavariya"nın isə 11 oyunda məğlub olmamasıdı. Bu da ispanların işinin çətin olacağından xəbər verir.

Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar

26 aprel
22:45. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarık Onqun, Sərkan Ok
Əlavə hakim köməkçiləri: Hüseyin Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Mançester. Şəhər stadionu

27 aprel
22:45. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)
Madrid. "Visente Kalderon" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31