300 milyon xərclədi, nəticə sıfır
25 Aprel 2016 18:37 İdmanLui van Qaal 2014-cü ildə "Mançester Yunayted"in sükanı arxasına keçdikdən sonra yeni komanda qurmağa 300 milyon funt sərf edib. Astronomik məbləğə rəğmən, "qırmızı şeytanlar" bu mövsüm Çempionlar Liqasına belə vəsiqə qazanmaya bilər. Goal.az xəbər verir ki, hollandiyalı mütəxəsis bunun səbəbini müəyyən mövqelərdə lazımi profildə oyunçuların olmaması və zədələrin çoxluğu ilə əlaqələndirib. "Bunu bir neçə dəfə demişəm. Bizə cəld, yaradıcı futbolçular lazımdır. Bunu transfer periodunda da demişəm. Mənim üçün çətin məqamdır, çünki rəhbərlik etdiyim oyunçuların səviyyəsi həmişə mən istədiyim kimi olmur. Amma komanda, hələ də mübarizə aparır, 4-cü pilləni tutmaq üçün döyüşür. Biz İngiltərə kubokunun finalına da çıxmışıq. "Yunayted" 3 cəbhədə mübarizə aparıb. Fikrimcə, biz bu mövsüm ən çox oyun keçirmiş komandayıq. Bunu kiçik qrupla, 14 zədəli futbolçuyla etmişik. Bizim mərkəz müdafiəçilərimizin hər ikisi zədəli olanda bu problemi həll edə bilmirdim. Komandanın hazırki zədəliləri Şvaynştayger və Lyuk Şoudur. Bastianın mövqeyində Kerrik və Şnayderlin oynayır. Şounun yoxluğu problem olaraq qalır. Markus Roxo hücumlara onun kimi qoşulmur".