"Qalatasaray"ın "qara siyahı"sı açıqlandı

Cari mövsümdə uğursuz çıxışı ilə yadda qalan "Qalatasaray" yayda heyətdə böyük dəyişikliklər ediləcək. Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bəzi futbolçularla yolları ayırmağa qərar verib. Klub rəhbərliyi futbolçuların illik məvacibinin ümumi məbləğini 65 milyon avroya salmaq niyyətindədi. Bunun üçün isə bir neçə oyunçu komandadan göndərilməlidi.  Adı "qara siyahı"ya düşən ilk futbolçu Blerim Dzemailidi. "Cenoa"ya icarəyə verilən isveçrəli yarımmüdafiəçi "Qalatasaray"da ilinə 2,1 milyon avro qazanırdı. Bunu nəzərə alan rəhbərlik Dzemaili ilə yolları birdəfəlik ayırmaq niyyətindədi. Elə futbolçunun özü də "Qalatasaray"a qayıtmaq barədə düşünmür. "Bursaspor"da icarədə olan Sərcan Yıldırımın da geri qaytarılmamağına qərar verilib. 26 yaşlı hücumçunun Bursa təmsilçisi ilə yayda yeni müqavilə bağlayacağı gözlənilir. "Qalatasaray"ın mövsümün əvvəlində transfer etdiyi Xose Rodriges ümidləri doğrultmadı. Bu səbəbdən ispaniyalı futbolçuya özünə yeni komanda tapması tapşırılıb. Bir çox oyunda özünü göstərmək şansı əldə edən, ancaq bundan yararlana bilməyən Tarık Çamdal da göndəriləcək futbolçuların siyahısındadı. Sağ cinah müdafiəçisini "Əskişəhərspor" və "Bursaspor" klubları istəyirlər. "Qalatasaray" rəhbərliyinin "qara siyahı"sına düşən futbolçuların sırasında Hamit Altıntop da yer alır. 3 il ərzində 80 oyun buraxan yarımmüdafiəçi ilə yeni sözləşmə imzalanmayacaq. Tez-tez zədələnən təcrübəli futbolçu özünə yeni klub axtarmalı olacaq. "Cim-bom"un yetirməsi olan Əmrə Çolak da ona bəslənən etimadı heç cür doğrulda bilmir. Gənc yarımmüdafiəçi ilə "Antalyaspor" və "Çaykur Rizəspor" klubları maraqlanır. Çolakın mövsümün sonunda Avropaya üz tutacağı da istisna edilmir. Onunla yanaşı, lazımi səviyyədə oynaya bilməyən Olcan Adının da "Qalatasaray"dan getmək ehtimalının olduğu bildirilir. "Qalatasaray"da ən çox tənqid olunan Umut Bulutun da adı "qara siyahı"ya düşüb. Azarkeşlərin sevmədiyi 33 yaşlı hücumçunun mövsümlərarası fasilədə "cim-bom"u tərk edəcəyi bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31