"Unudulmaz gecə yaşadıq"
14 Aprel 2016 18:43 İdmanÇempionlar Liqasının 1/4 finalında "Barselona"nı mübarizədən kənarlaşdıran "Atletiko" son 2 ildə katalonların qarşısında maneə olub. Goal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Diyeqo Simeone oyunsonrası mətbuat konfransında komandasının istənilən nəticəni vuruşaraq qazandığını qeyd edib.
"Dörd illik birgə işimizin sayəsində bu komandada xüsusi güc var. Kollektivdə toplanmış oyunçulara görə şadam. Təkcə yarımfinala çıxmaq barədə danışmıram. Müasir cəmiyyətdə mühüm dəyərlər azalıb. Bizim komanda isə zəhmətkeşlərdən ibarətdir. "Atletiko" qalib gələ və uduza bilər. Amma uğurlarını döyüşərək qazanır. Biz zəngin tarixə malik güclü rəqibə qarşı oynayırdıq. Bu, müxtəlif silahlardan istifadə edən komandaların qarşıdurması idi. Bəzən qələbə bu gün olduğu kimi sənə qismət olur. Unudulmaz gecə yaşadıq. Unikal xatirələr var. Stadiona gedən yolda bir dəstə uşaq gördük. Onlar bizə inanırdılar. İndi yeganə düşündüyüm "Granada" ilə qarşıdakı oyundur. Çempionlar Liqasının yarımfinalında yer alan komandalardan "Manchester City" maliyyə imkanlarına, səviyyəli oyunçularına görə seçilir. "Real" və "Bavariya" böyük klublardır. "Atletiko" üçün Avropanın ən güclü 4 komandası arasına çıxmaq ciddi uğurdur. İndi daha artığına nail ola bilərik".