Didye Droqba "Daily Mail"i məhkəməyə verir

"Montreal İmpact" klubunun hücumçusu Didye Droqba İngiltərənin "Daily Mail" nəşrini məhkəməyə verməyə hazırlaşır. Goal.az xəbər verir ki, 38 yaşlı futbolçu sözügedən mətbuat orqanını qurduğu xeyriyyə fondu haqqında dezinformasiya yaymaqda ittiham edir. "Daily Mail" bir müddət öncə Droqbanın fondunun fəaliyyəti ilə bağlı jurnalist araşdırması aparmışdı. Kot-d`ivuarlı forvard vətənində xəstəxana və yoxsul uşaqlara təhsil mərkəzi inşa etdirmək üçün vəsait toplayırdı. "Daily Mail" toplanan 14 milyon funtun yalnız 1.7 milyonunun xeyriyyə işlərinə sərf olunduğunu iddia etmişdi. Droqbanın 2007-ci ildə təsis etdiyi bu fonda həyat yoldaşı Kristin Blikli, məşhur musiqiçi Bono, Frenk Lempard, Pele, Con Terri, Roje Federer və Roman Abramoviç dəstək vermişdilər.

""Dail Mail"ə yaydığı informasiyanın yanlış olmasına dair qanuni yazışmalar və 67 səhifədən ibarət sənəd göndərməyimə baxmayaraq, onlar faktları gözardı etməyi qərara aldılar. Bu gündən həmin mətbuat orqanına qarşı məhkəmə iddiasına başlayıram. Bu cür məsuliyyətsiz jurnalistika sayəsində "Daily Mail" minlərlə afrikalı uşağın həyatını təhlükə altına qoyur. Fonda maddi köməklik edən sponsorlar, həmkarlarım və dostlarımla əlaqə saxlayıb onların beyninə təşkilatla əməkdaşlığı davam etdirməklə bağlı şübhə yeridiblər. Mən kasıb ailədə doğulmuşam. İndiki səviyyəyə çatmaq üçün gərgin çalışmışam. Ölkəmə, cəmiyyətimizə və Afrikaya əvəzini qaytarmasam, bunların mənası olmaz. Kot-d`ivuralı uşaqlara kömək etmək istəyirəm ki, onların arasından gələcək nəslin liderləri, aktyorları, siyasətçiləri, alimləri, həkimləri, müəllim və idmançıları yetişsin. Buna yalnız sağlamlıq və təhsillə nail olmaq mümkündür. Yalan məlumatları dərc etməklə "Daily Mail" Afrikanın inkişafına əngəl olmağa çalışır. Onların iddiasına rəğmən, ortada heç bir rüşvət, korrupsiya, yalan, uyğunsuzluq yoxdur. "Daily Mail"in fondu dağıtmaq cəhdləri məni başladığım işdən saxlamayacaq", - Droqba İnstagram hesabında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31