Azərbaycan çempionatının iki hakimi cəzalandırıldı

Azərbaycan Premyer Liqasında idarəçilik edən 2 hakim cəzalandırılıb. Apasport.az xəbər verir ki, söhbət Rauf Cabbarov və İnqilab Məmmədovdan gedir.

Cari mövsümdə referilərə tez-tez sərt üzünü göstərən Hakimlər Komitəsi (HK) bu dəfə Cabbarovla Məmmədova cəza kəsib.

Rauf Cabbarovun cəzalandırılmasına XXVI turun "Neftçi" - "Kəpəz" matçındakı (2:3) idarəçiliyi səbəb olub. İnqilab Məmmədov isə 1 tur sonra keçirilmiş AZAL - "Qəbələ" görüşündəki (2:1) hakimliyinə görə cəzalandırılıb. Hər iki referiyə azı 3 oyunluq cəza kəsilib.

Rauf Cabbarov artıq son 3 turda meydan üzü görməyib. Belə ki, XXVII, XXVIII və XXIX turlarda ədaləti qorumayan Rauf həmin turlara dördüncü hakim kimi də təyinat almayıb. Bu isə Cabbarovun cəzalandığını bir daha təsdiqləyir. Əgər Rauf 3 turluq cəzalandırılıbsa, onun bu həftə ölkə çempionatında təyinat almaq ehtimalı var. Bu tur da yaşıl meydanlardan kənarda qalması isə daha ağır cəzaya məruz qaldığını göstərəcək.

İnqilab Məmmədov isə son 2 turda ədaləti qoruya bilməyib. Məmmədov XXVIII və XXIX turlarda heç dördüncü hakim kimi də təyinat almayıb.

Qeyd edək ki, Rauf Cabbarov Premyer Liqanın cari mövsümündə 13, İnqilab Məmmədov isə 10 oyun idarə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31