Abdullayeva milli komandamızdan imtina etdi

Azərbaycan yığmasının milliləşdirilmiş atleti Layeş Abdullayeva ölkəmizdən ayrılıb. Bu barədə məlumatı apasport.az-a atletika üzrə millimizin baş məşqçisi Məhərrəm Sultanzadə verib. Onun sözlərinə görə, 25 yaşlı efiopiyalı marafonçu artıq vətəninə dönüb. Buna səbəb Abdullayevanın üzvü olduğu "Ümid" klubunun idmançı ilə müqaviləni uzatmamağı olub. Artıq Layeş üçün Azərbaycan yığmasının qapısının da bağlandığını qeyd edən çalışdırıcı onun bir daha bayrağımız altında iştirakına ümid etmədiyini deyib.

Qeyd edək ki, 1500, 3000, 5000 və 10000 m məsafələrə qaçışda yığmamızın şərəfini qorumuş atlet 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmişdi. O, millimizin heyətində Avropa çempionu (U-23, 5000 m və 10000 m) adını qazanıb. Abdullayeva, həmçinin qitə, dünya və İslamiadada komandamızın aktivinə müxtəlif əyarlı medallar yazdırıb. O, London-2012-də də ölkəmiz adından çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31