İlk dəfə Çempionlar Liqasında oynayacaq

İngiltərə Premyer Liqasının lideri "Lester"in gələn mövsüm Çempionlar Liqasında oynayacağı dəqiqləşib. Apasport.az xəbər verir ki, Klaudio Ranyerinin yetirmələri XXXIII turda "Sanderlend" üzərində səfər qələbəsi (2:0) qazanaraq buna nail olub.

XXXIII turdan sonra 72 xalla turnir cədvəlinə başçılıq edən "Lester"in mövsümü ilk "4-lük"də bitirəcəyi artıq rəsmiləşib. Çünki sona 5 tur qalmış komanda 5-ci sırada qərarlaşan "Mançester Yunayted"i 19 xal qabaqlayır. Ehtiyatında hələ bir oyun olan "mankunianlar" bundan sonrakı matçların hamısında qələbə qazansa belə, liderə çata bilməyəcək.

Bununla minimum Çempionlar Liqasının pley-off mərhələsində iştirak hüququ qazanan "Lester" tarixində ilk dəfə buna nail olub. "Tülkülər"in tarixi ərzində ən böyük uğuru İngiltərə Liqa Kubokunu (1964, 1997, 2000) və İngiltərə Superkubokunu (1971) qazanmaq olub.

Qeyd edək ki, "Lester" növbəti turda qələbə qazansa və "Mançester Siti" xal itirsə, o zaman Ranyerinin komandası ilk "üçlüy"ü, həmçinin ÇL-in qrup mərhələsində iştirakı təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31