Taekvondoçularımız "DTF Prezidentinin Kuboku" uğrunda mübarizə aparır

Taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız Almaniyanın Bonn şəhərində keçirilən "DTF Prezidentinin Kuboku" G-2 kateqoriyalı yarışda iştirak edir. "OLAYLAR"-ın xəbərinə görə, yarışın ilk günü millimizin üzvü Məhəmməd Məmmədov uğurlu çıxış edərək gümüş medala layiq görülüb. Belə ki, ispan rəqibi David Losada Escuer, Fransa təmsilçisi Dylan Chellamootoonu və rus idmançı Bolat İzutdinovu məğlub edən Məhəmməd, italyan Andrea Canoya şans verməyərək yarımfinala vəsiqəni təmin edib. Xorvatiyalı taekvondoçu Deni Andrun Raziclə finala vəsiqə uğrunda döyüşdən üzüağ çıxan millinin üzvü, həlledici görüşü də xorvat təmsilçisinə qarşı keçirməli
olub. Lakin Lovre Brecic keçilməz olub. Beləliklə -63 kq çəki dərəcəsində mübarizəyə qatılan həmyerlimiz, yarışı gümüş medalla başa vurub. Bu isə, komandamıza may ayında İsveçrənin Montro şəhərində keçiriləcək Avropa çempionatında eyni çəki dərəcəsində (-63 kq) Məhəmməd Məmmədovdan başqa daha 1 taekvondoçumuzun iştirak edə bilməsi deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31