Neymarın "Barsa" ilə müqaviləsi "gün üzü"nə çıxdı

"Football Leaks" Neymarın 2013-cü ildə "Barselona"ya transferi zamanı imzalanmış müqavilənin şərtlərini açıqlayıb. Goal.az xəbər verir ki, katalonlar Neymara 5 il ərzində 49.5 milyon avro ödəməyi razılaşdırıb. Vergilər çıxılandan sonra braziliyalı hücumçunun maaşı 5 milyon avro olacaq. Neymarın "Barselona"dakı əsas gəliri bonuslardır. Təkcə "Barsa"da oynamağa razılıq verdiyi üçün ona 8.5 milyon avro pul ödənilmişdi. Hər oyunun iştirak ərizəsinə salınanda "sambaçı" avtomatik 100 min avro qazanır. O, mövsümün 60% oyununda meydana çıxdığı halda 1.062 milyon avro əldə etmiş olur. Nəzərə alsaq ki, Neymar komandanın aparıcı üzvüdür, bu vəsait hər mövsüm onun hesabına köçürülür. "Barselona"nın təsnifat mərhələsində iştirak etmədən Çempionlar Liqasının qrup mərhələsində iştirakı braziliyalı forvarda 637 min, pley-offa vəsiqə isə 425 min avro qazandırır. Neymar "Qızıl top"a sahib çıxsa, əlavə 425 min avro əldə edəcək.

Katalonların La Liqa çempionluğu onun şəxsi büdcəsini 637 min, Çempionlar Liqası qalibiyyəti 850 min zənginləşdirəcək. Primerada ardıcıl iki il çempion olmaq ona 850 min, kubokda və Çl-da eyni göstərici isə 1.062 milyon pul gətirəcək. Bundan başqa, müqaviləyə görə Neymarın katalon dilini öyrənməsi də mütləqdir. Hazırda "Barsa" onunla 2018-ci ilə kimi nəzərdə tutulmuş müqaviləni yeniləmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31