Baş məşqçi: “Olimpiya Oyunlarında tarix yazacağıq”

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə müsahibə verib. SİA-nın məlumatına görə, mütəxəssis ilk olaraq idmançılarımızın Olimpiya Oyunlarına hazırlığı və digər məqamlara toxunub:

- "Las Veqasdakı dünya çempionatından qayıdandan sonra məşqlərimizə əvvəlki proqram üzrə davam edirik. 14 məşq proqramı hazırlamışıq. İki lisenziya uğrunda iki güləşçimiz mübarizə apracaq. İnanıram ki, ilk lisenziya yarışından Olimpiya Oyunlarına qalan iki vəsiqəni əldə edəcəyik. Alınmasa, ikinci və üçüncü komandalarımız da hazırdır. Lisenziya əldə etdikdən sonra Olimpiadada uğurla çıxış edərik. İlk dəfə olaraq Dünya Kubokunda kürsüyə çıxdıq, 3-cü yer qazandıq. Tehranda Rusiya və İran komandasını məğlub edib birinci yeri tutduq. Ardınca 4 lisenziya aldıq və daha bir tarix yazdıq. "Bakı 2015" I Avropa Oyunlarında 6 medal qazandıq, Las Veqasda dünya ikincisi olduq. İnanıram ki, güləşçilərin, məşqçilərin, federasiyanın zəhməti boşa çıxmayacaq və Olimpiya Oyunlarında da tarix yazacağıq. Nəticədə Azərbaycan xalqını sevindirəcəyik".

- 98 kq çəkidə hansı güləşçi mübarizə aparacaq? Orxan Nuriyev, yoxsa başqa bir güləşçi yarışacaq?

- Hər ehtimala nəzər yetirmişəm. Bu səbəbdən birinci yarışda Kamran Məmmədov və Şalva Qadabadze mübarizə aparacaq. İkincidə Həsən Əliyev və Orxan Nuriyev, üçüncüdə isə Rəsul Çunayev və Şalva Qadabadze yarışacaq. İnanıram ki, birinci yarışdan qalan iki lisenziyanı alıb, işimizi rahat şəkildə davam etdirəcəyik.

- Komandanın son Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?

- Bizim üçün ən önəmlisi Olimpiadadır. Avropa çempionatında komandamız üçüncü yerə çıxmalı idi, amma xal ehtiyatı yaxşı olduğu üçün ikinci yeri qazandıq. Biz Avropa çempionatında yaxşı nəticə verməyi nəzərdə tutmamışdıq. Çünki, 5 əsas çəkidə mübarizə aparan güləşçimiz orada iştirak etmirdi. Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Şalba Qadabadze, Saman Təhmasibi yarışmırdı. Əsas hədəfimiz Olimpiadadır. 2012-ci ildə biz İrandakı yarışda 4-cü yeri tutduq. Ondan sonra isə idmançımız Olimpiya çempionu oldu. İnanıram ki, bu hadisə Rio-2016-da təkrarlanacaq

- İslam Abbasov son iki yarışda bir qədər zəif çıxış edib, problem nədir?

- Gənclərlə böyüklərin fərqi çoxdur. Onların hər birinin arasında dünya qədər fərq var. Gənclərdən böyüklərə gələnlərin 7 faizi yaxşı nəticə verir. İ.Abbasov Azərbaycanın seçilən güləşçilərindən biri olacaq. O, gələcək Olimpiadada hansı məşqçi ilə olursa olsun, yaxşı nəticə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31