Moskvanın meri türkləri təhqir etdi: "Onlar sadəcə..."
31 Mart 2016 15:25 İdmanRusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin türkləri aşağılayıb. O, martın 29-da İstanbulda Avropa Voleybol Konfederasiyası Kubokunun finalı çərçivəsində oynanan "Qalatasaray"-"Dinamo" (Krasnodar) matçında türk azarkeşlərin guya rus voleybolçu qadınları fitə basmaları, söymələri və zibil atmaları ilə bağlı iddia barədə mövqeyini açıqlayıb. Milli.Az bildirir ki, S.Sobyanin Twitter-dəki mikrobloqunda yazıb: "Heç idmana yaraşan davranış deyil. Onları keçi adlandırmaq istərdim". "Keçi" ("kozyol") rus dilinin slenqində həddən artıq pis aşağılama, təhqirdir. "Qalatasaray"ın 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra "Dinamo"nun oyunçusu T.Koşelyova İnstagram-dakı profilində "türk fanatlar bizi təhqir etdilər, zibil atdılar, onların baş məşqçisi isə əlləri ilə əxlaqsız jest göstərdi" yazmışdı. "Qalatasaray" klubunun qadınlardan ibarət voleybol komandasının baş məşqçisi Ataman Güneyligil iddiaları rədd edib. "Hesab edirəm ki, Koşelyovanın təşəbbüsü ilə başlanan bu "müzakirə"lər finalın Krasnodarda oynanacaq cavab matçı ərəfəsində gərginliyin yaradılmasına xidmət edir. Biz bu təxribata uyan deyilik. Kuboku ölkəmizə gətirmək üçün matça gərgin şəkildə hazırlaşırıq", - məşqçi söyləyib. Xatırladaq ki, ötən ilin noyabrında basketbol üzrə Avropa Kubokunda Rusiyanın "Avtodor" (Saratov)-"Beşiktaş" (İstanbul) matçında Saratovda "Avtodor"un azarkeşləri türk idmançıları aşağılamışdılar. Üstəlik, tribunalarda siyasi plakatlar bəs deyincə idi. "Türklər, hər şeyə görə cavab verəcəksiniz!", "Rədd olun Saratovdan!", "Xainlər!", "Unutmayacağıq!", "Türkiyə hökuməti İŞİD-i dəstəkləyir" və s. tipli plakatlar tribunalardan yığışdırılmamışdı. Matç boyu rus azarkeşlər "Beşiktaş" oyunçularının ünvanına söyüşlər yağdırmışdılar.