Prosineçkinin 29 illik uğuru təkrarlandı

"Srvena Zvezda"nın futbolçusu Luis İbanyez Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin nailiyyətini təkrarlayıb. Apasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi klubunda ilk dəfə kapitan kimi meydana çıxıb. Məsələ burasındadır ki, 2008-2015-ci illərdə Zaqreb "Dinamo"sunun formasını geyinmiş 27 yaşlı müdafiəçi ötən il "Srvena Zvezda"ya keçib. Məşqçilər korpusu isə son yoxlama görüşündə kapitanlıq sarğısını İbanyezə həvalə edib. Maraqlıdır ki, İbanyezə qədər "Dinamo" karyerasından sonra "Srvena Zvezda"ya keçərək bu komandanın kapitanlıq sarğısını daşımış son futbolçu Prosineçki olub. 1986/87 mövsümündə "Dinamo"nun formasını geyinmiş xorvatiyalı 1987-ci ildə "Srvena Zvezda"ya transfer olunub və 4 il bu komandanın uğurları üçün çalışıb. Məhz həmin vaxt Prosineçki "Srvena Zvezda"nın kapitanı təyin edilib. Geridə qalan illərdə "Dinamo"nu "Srvena Zvezda"ya bir çox oyunçu dəyişib. Amma 29 il ərzində Prosineçkidən sonra "Dinamo"dan gəlib Serbiya klubunda kapitan olmuş ilk oyunçu Luis İbanyez olub. Uzun illər Xorvatiyada yaşamış və bu ölkənin vətəndaşlığını daşıyan İbanyez kapitan olacağını gözləmədiyini bildirib: "Sarğı mənə veriləndə şoka düşdüm. Bu, çox ciddi klubdur. Komandanın tarixinə düşdüyüm üçün xoşbəxtəm. Hədəfim Xorvatiya yığmasının da formasını geyinməkdir".

Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası dövründə Avropaya məhz "Srvena Zvezda"dan yollanmış, lakin 1997-ci ildə ölkəsinə yenidən "Dinamo"nun formasını geyinmək üçün dönmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31