Güləşçilərimiz Dünya təsnifat turnirinə qatılacaq

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. AGF-dən "OLAYLAR"-a bildirilib ki, Olimpiya Oyunlarının təsnifat turnirlərinə hazırlıq planı üzrə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın üzvləri məşqlərini Göygöy Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində davam etdirir. Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın 12 üzvünün qatıldığı təlim-məşq toplanışı martın 17-dən başlayıb və aprelin 3-dək davam edəcək. Məlumat üçün bildirək ki, ilk lisenziyaların qazanıldığı Dünya çempionatında güləşçilərimiz Rio Olimpiadasına 11 vəsiqəni təmin edib. Növbəti lisenziya yarışları 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.
Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa və İstanbulda keçiriləcək sonuncu Dünya təsnifat turnirlərində hər çəki dərəcəsində yalnız finalçılar, Monqolustanda keçiriləcək birinci Dünya təsnifat turnirində isə finalçılarla yanaşı, bir üçüncü yerin qalibi də Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31