"Fənər"in məşqçisi: "Portuqaliyada gülməli şeylər danışılacaq"
18 Mart 2016 12:33 İdman"Qapımıza təyin edilən penalti və həmin epizoda görə qırmızı vərəqə səhv qərar idi". Apasport.az xəbər verir ki, bu sözləri Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Vitor Pereyra deyib. Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Braqa"ya 1:0 hesabı ilə qalib gələn İstanbul təmsilçisi dünən keçirilən cavab görüşündə 1:4 hesabı ilə uduzaraq, avrokuboklardakı çıxışını dayandırıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Fənərbağça"nın baş məşqçisi Pereyra sərt danışıb. Özünün texniki zonadan uzaqlaşdırılması, həmçinin 3 futbolçusu - Mehmet Topal, Alper Potuk və Volkan Şənin qırmızı vərəqə almasına toxunan portuqaliyalı çalışdırıcı "Braqa"ya məğlubiyyətin günahını matçın hakimi İvan Bebekdə görüb. Xorvatiyalı referini tənqid edən Pereyra qapılarına ilk qolun ofsayddan vurulduğunu deməklə yanaşı, penalti və qırmızı vərəqənin yanlış verildiyini bildirib: "İkinci qolu vurmaq şansımız oldu. Ancaq qırmızı vərəqədən sonra oyun bizim üçün çətinləşdi. Nəticədə qapımızda 3-cü qolu gördük. Bundan sonra gərginləşdik, psixoloji olaraq oyuna nəzarəti itirdik. Halbuki, penalti epizoduna qədər matç başabaş gedirdi. Penalti epizodunda oyunçumun əlləri bədəninə bitişik idi. Axı o anda əllərini haraya çəkə bilərdi? Hakimin səviyyəsi bu mərhələnin oyununu idarə etmək üçün yetərli deyildi". "Braqa"nın ünvanına da söz atan 48 yaşlı çalışdırıcı Avropa Liqasını unudub, diqqətlərini Superliqaya yönəldəcəklərini qeyd edib: "Avropa Liqasında hədəflərimiz var idi. Artıq turnirdən kənardayıq. Məyusuq, özü də ən çox bu şəkildə uduzduğumuza görə üzülürük. Futbol qaydaları çərçivəsində mübarizəni dayandırmalıydıq. "Braqa" bu gün meydanda çox gözəl hakim gördü. Amma biz eyni şansa sahib deyildik. Portuqaliyada gülməli şeylər danışılacaq. İnsanlar "Braqa"nın nə qədər yaxşı oynayaraq, mərhələ adlayacağını iddia edəcəklər. "Hakimlə nə əlaqəsi var?" deməkdən çəkinməyəcəklər. Onlardan soruşuram: "Braqa"nın baxımlı oyunu hanı? Yekun nəticəni hakim səhvləri müəyyənləşdirdi. "Braqa"ya bundan sonrakı yolunda belə "gözəl" hakimlərlə birlikdə uğurlar diləyirəm. Mətbuat istədiyini yazsın. Biz mübarizəni hakimə görə dayandırdıq. Haqsızlığın qarşısında susa bilmərəm. Amma daha bu görüşü unudub, "Qalalatasaray"la derbiyə hazırlaşmalıyıq. Superliqa fərqlidir. Hazırda "Beşiktaş"dan 1 xal geridəyik. Odur ki, indi bizi yalnız "Qalatasaray"la matç maraqlandırmalıdır".
Qeyd edək ki, daha çox "Portu"dakı fəaliyyəti ilə tanınan Vitor Pereyra "Fənərbağça"nı ötən ildən çalışdırır.