Təbriz Həsənovdan “Qarabağ”a cavab: "Layiq olsaydılar..." MÜSAHİBƏ

apasport.az  bildirir ki, Rusiya ilə oyunda qələbə qazanan Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov oyundan sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiz?

- Keçən oyunla müqayisə etsək, fərq böyükdü. Nizam-intizam qaydasında, futbolçular daha əzmkar idilər. Qələbə istəyi daha çox idi.

- Psixoloji baxımdan komandanı oyuna necə hazırladınız?

- Çox çətin oldu. Məşqçilər belə vəziyyətlərdən tez çıxmağı bacarır. Futbolçulara görə narahat idim. Oyunun təhlilində başa saldıq ki, pis oynamadılar. Sadəcə, bəsit səhvlərə yol verdik. Görünür, uşaqlar bundan nəticə çıxarıblar.

- İkinci hissədə daha yaxşı oynadı komandamız. Bu nədən irəli gəlirdi?

- Rəqib güclü komandadı. Oynamağa imkan vermirdilər. Onlar da qələbə qazanmaq istəyirdilər. Müdafiə xəttimiz daha sabit oynadı.

- "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Samir Musayev sizdən şikayət edib ki, onun komandasına olan bir neçə futbolçu var ki, dəvət göndərmək olardı...

- Bir neçə futbolçunu il ərzində keçirilən təlim-məşq toplanışa dəvət edirdim. Layiq olsaydılar, bu gün burda yer alardılar. Biz milliyə layiq bütün futbolçuları komandaya dəvət edirik.

- Nəyi dəyişdiniz ki, nəticə bu cür alındı?

- Bu, həyəcandan doğan bir şey idi. Belə bir stadionda Rusiyaya qarşı oynamaq sözünü dedi. Doğma meydan amli təsirsiz ötüşmür. Hər bir futbolçu istəyirdi ki, fərdi qaydada nəsə göstərsin. Çünki onları tribunadan sinif yoldaşları, valideynləri izləyirdi. Bu cür oyunları çox keçirməliyik.

- Əksəriyyəti komandanın Avropa çempionatında fiaskoya uğrayacağını düşünür. Qələbə bunu təkzib edirmi?

- Belə düşünmürəm, niyə fiaskoya uğrayacağıq ki? Bu gün milliyə ən yaxşıları seçmişik.

- İkinci mərtəbədə zəif oynadıq...

- Bu, Azərbaycan futbolunun problemidi. Uzun ötürmələrə gəldikdə, tapşırmışdım ki, qısa ötürmələrə üstünlük verilsin.

- Qapıdakı dəyişikliyə münasibətiniz necədi?

- Bu daha çox şansın dəyərləndirməsindən asılıdı. Muradın da yaxşı oyunları olub. İndi şans Kamranındı. Necə dəyərləndirəcək, görəcəyik.

- Komandanı çempionata hazır sayırsınızmı?

- Hələ yox. Komandada problemlər var, bunu bilirəm. Oyunlara qədər aradan qaldırmağa çalışacam. Qarşıdan Ukrayna ilə oyunlarımız gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31