Sloveniyalı gimnast Bakıda Dünya Kubokunda gümüş medal qazanmasından razı qalıb
21 Fevral 2016 15:05 İdmanBakıda idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandığıma görə xoşbəxtəm. Bunu Trend-ə sloveniyalı idmançı Rok Klavora deyib.
O bildirib: "Bakıda ilk dəfə oluram. Təəssüf ki, I Avropa Oyunlarında iştirak edə bilmədim. Turnir çox yüksək səviyyədə təşkil edilib. Zal çox gözəldir, publika isə çox mehribandır".
İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.
İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.