"Mançester Yunayted" uduzdu, "Qarabağ" gerilədi
19 Fevral 2016 14:19 İdmanAvrokubokların 2016-cı il üçün ilk oyun həftəsində keçirilən 20 matçın ardından UEFA-nın klub reytinqi açıqlanıb. Apasport.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin 4, Avropa Liqasının 1/16 final mərhələsinin 16 qarşılaşması cədvəldə cüzi dəyişikliklərə səbəb olub.
Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəyə malik "Qarabağ" 1 pillə geriləyib. Hesabında 13,475 xal olan Ağdam klubu artıq 130-cu yerdədir. Buna Avropa Liqasında "Midtyulland"ın "Mançester Yunayted"i məğlub etməsi səbəb olub. Danimarka təmsilçisi 124-cü pilləyə yüksəlib.
Cari mövsüm avrokuboklarda mübarizəni dayandıran "Neftçi" 167-ci (9,725), "İnter" 246-cı (5,475), "Qəbələ" 253-cü (5,225) pillədə qalıb. Digər klublarımızdan "Xəzər Lənkəran" (4,475) 284-cü, "Bakı" ilə AZAL (hər ikisi 3,225) 330-cu pillənin şərikləri arasındakı mövqeyini qoruyub.
Qeyd edək ki, siyahıya 163,057 xala malik İspaniya "Real"ı (Madrid) başçılıq edir. Almaniya "Bavariya"sı (152,064) 2-ci, İspaniya "Barselona"sı (150,057) 3-cüdür. Qonşu Türkiyə klubları arasında ən yaxşı nəticə "Qalatasaray"a məxsusdur. İstanbul klubu 57,760 xalla 31-cidir. Türkiyənin daha 3 komandası ilk "100-lük"də yer alıb. "Fənərbağça" (37,760) 54-cü, "Trabzonspor" (36,260) 58-ci, "Beşiktaş" (34,760) 61-cidir.