"Real"ın İtaliya, "Volfsburq"un Belçika səfəri

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutacaq.apasport.az  bildirir ki, ən çox maraq doğuran qarşılaşma İtaliyanın paytaxtı Romada keçiriləcək.

Şəhərin eyniadlı komandası Madrid "Real"ını qəbul edəcək. Maraqlı və gərgin mübarizə vəd edən matçda hər iki tərəfin şansları bərabər qiymətləndirilir.

"Canavarlar"ın heyətində yeganə ciddi problem Daniele de Rossi ilə bağlıdır ki, bir müddətdir zədədən əziyyət çəkən yarımmüdafiəçinin "Real"la görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil.

Amma "Real"ın heyətlə bağlı narahatlığı daha çoxdur. "Kral klubu"nun 3 aparıcı oyunçusu Pepe, Marselo və Qaret Beyl zədədən əziyyət çəkirlər. Baş məşqçi Zinəddin Zidan hər 3 futbolçunun xidmətindən məhrum olacaq. Romalıların əsas üstünlüyü də məhz bu olacaq. Onlar madridlilərin müdafiə xəttindəki problemdən yararlanmağa çalışacaqlar.

2016-cı ilə qeyri-stabil nəticələrlə start götürən "Volfsburq"u isə Belçikada ağır oyun gözləyir. Çünki almanlar "Gent" önünə ideal heyətlə çıxa bilməyəcəklər.

Qapıçı Dieqo Benalyo və yarımmüdafiəçi Coşua Gilavoqinin zədəli olması vəziyyəti çətinləşdirir. Hər iki futbolçunun durumu qeyri-müəyyəndir.

Müdafiəçi Karlos Askeslə hücumçu Bas Dostun oynamayacaqları isə artıq bəlli idi. Onların da çıxışına zədə əngəl törədir.

Üstəlik, digər müdafiəçi Naldo da cəzalı durumda olduğu üçün Belçikaya aparılmayacaq. Bütün bunlar isə "Gent"in güclü rəqibi önündə şansını artıran faktordur.


Çempionlar Liqası
1/8 final, ilk oyunlar
17 fevral

23:45. "Roma" (İtaliya) - "Real" (İspaniya)
Baş hakim: Pavel Kraloveç (Çexiya)

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya)
Baş hakim: Sven Oddvar Moen (Norveç)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31