Rəşad Sadıqov 3 ilə 2 gün qalmış...
15 Fevral 2016 18:08 İdmanAzərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqadakı qol həsrətinə son qoyub. Apasport.az bildirir ki, XXI turun "Kəpəz"lə səfər oyununda (2:1) hesabı açan 34 yaşlı müdafiəçi təxminən 3 ildən sonra ölkə çempionatında fərqlənib. Sadıqovun son belə qolu 2012/13 mövsümünə təsadüf etmişdi. Ağdam klubunun kapitanı 2013-cü il fevralın 16-da "Sumqayıt"la evdə keçirilən matçda (3:0) komandasının son qoluna imza atmışdı. 3 ilin tamamlanmasına 2 gün qalmış fərqlənən müdafiəçi 1093 gündən sonra rəqib qapılarına yol tapıb. O, bu müddətdə 65 qolsuz oyun keçirib.
Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatlarında 275-ci oyununa çıxan Sadıqov 15-ci qoluna imza atıb. "Qarabağ"dakı 141 çempionat görüşündə isə 7 dəfə qol sevinci yaşayıb.