DÇ-2016: Azərbaycan yığması Hollandiya ilə qarşılaşacaq

Futzal üzrə DÇ-2016-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Kolumbiyada keçiriləcək final mərhələsində "Köhnə qitə"ni təmsil etmək iddiasında olan 14 komanda 7 cütlük təşkil edib. Serbiyanın paytaxtı Belqradda təşkil olunan tədbirdə seçmə mərhələni qrup qalibi kimi başa vuran Azərbaycan yığmasının da mundial yolundakı son rəqibi müəyyənləşib. I səbətdə yer alan yığmamızın bəxtinə qrup ikincilərinin təşkil etdiyi digər səbətdən Hollandiya çıxıb. Pley-offun ilk matçını səfərdə keçirəcək komandamız martın 22-də ilk sınağına çıxacaq. Aprelin 12-də Bakıda baş tutacaq cavab oyununda isə Kolumbiyaya vəsiqənin sahibi bilinəcək. İndiyədək dünya çempionatının həlledici mərhələsinə yüksəlməyən yığmamız bu səddi adlasa, ilkə imza atacaq.

Pley-off mərhələsinin cütləri
Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Hollandiya - Azərbaycan
Macarıstan - İtaliya

Qeyd edək ki, Kolumbiyadakı dünya çempionatı sentyabrın 14-dən oktyabrın 2-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31