"Fənərbağça" prezidentinə cəza, Dursun Özbek bəraət aldı
12 Fevral 2016 14:40 İdmanTürkiyə Futbol Federasiyasının İntizam komitəsi "Qalatasaray" və "Fənərbağça" prezidentləri ilə bağlı qərarını açıqlayıb. Goal.az xəbər verir ki, "sarı lacivərdlilər"in prezidenti Aziz Yıldırım 45 gün müddətinə diskvalifikasiya olunub. Ona 30 min TL cərimə də kəsilib. Bundan başqa, "Fənərbağça" klubu "Antalyaspor"la səfər qarşılaşmasında (2:4) azarkeşlərinin intizamsız davranışına görə ümumilikdə 60 min TL həcmində cərimələnib.
Aziz Yıldırımın cəzalanmasına "Antalyaspor" matçından sonra əzəli rəqibləri "Qalatasaray"ın əleyhinə söylədiyi ittihamlar səbəb olub. Yıldırım Türkiyəyə rüşvətin "Qalatasaray" tərəfindən gətirilməsini və bu klubun tarixinin rüşvətlə dolu olduğunu iddia etmişdi. "Cim-bom"un prezidenti Dursun Özbek həmkarına cavab olaraq bunları demişdi: "Mən heç bir komandanın adını çəkmədim. Nədənsə kimlərsə hər "rüşvət" sözü keçəndə öz üstünə götürür. Ağlı olan illərdir gündəm dəyişdirməyə yönəlmiş bu oyuna, bu teatra inanmır. Həm Türkiyə, həm də dünyada kimin nə olduğunu hər kəs yaxşı bilir". İntizam Komitəsi Özbekin sözlərində "idmana yaraşmayan" məzmun görmədiyindən cəza təyin etməyib.