Millimiz rəqibini gözləyir
12 Fevral 2016 18:37 İdmanBu gün Serbiyada futzal üzrə DÇ-2016-nın Avropa zonası pley-off mərhələsinin püşkü atılacaq. Apasport.az bildirir ki, mundialda "Köhnə qitə"ni təmsil etməyə iddia edən 14 komanda final mərhələsi yolundakı son rəqiblərini tanıyacaq.
Bu tədbir Belqradın "Kroun Plaza" otelində baş tutacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tədbirdə Azərbaycan millisinin də rəqibi bəlli olacaq. Seçmə mərhələdə İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, Xorvatiya ilə heç-heçə edən (4:4) Tino Peresin yetirmələri pley-offa qrup qalibi kimi qatılacaqlar.
Millimiz pley-offun püşkündə 1-ci səbətdə - qrup qalibləri ilə birlikdə yer alacaq. Qaydalara əsasən, ilk səbətdəki 7 komanda ikinci səbətdəkilərlə görüşəcək. Azərbaycan qrup birincisi olduğundan son sınaqda ikinci yer sahibi ilə qarşılaşacaq.
Pley-off oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək. Qrupda ikinci yeri tutmuş kollektivlər ilk qarşılaşmalara ev sahibliyi edəcəklər. Yeddi qrupun liderləri ilə ikincilərini üz-üzə qoyacaq püşk zamanı eyni qrupda mübarizə aparmış komandalar yenidən bir-birilərinə rəqib ola bilməyəcəklər.