""Real" Çerışevi bizə vermədi"
5 Fevral 2016 18:46 İdman"Real" qışda Denis Çerışevi ötən mövsüm formasını geydiyi "Villareal"a deyil, mövsümü zəif keçirən "Valensiya" klubuna icarəyə göndərdi. Qəribə görünsə də, futbolçunun öz razılığı və "sarı sualtı qayığ"ın prezidenti Fernando Roiqin cəhdləri madridlilərin razılığı üçün yetərli olmadı. İspaniya mətbuatı bunu Florentino Perezin prinsip aparması ilə əlaqələndirmişdi. "Real" ölkə kubokunda Çerışevin cəzalı olduğu barədə xəbərdar edilməməsində "Villareal"ı ittiham etmişdi. Həmçinin Çerışevi ora göndərməməklə Perez əzəli rəqibləri "Barselona"nın Denis Suarezi transfer etmək istəyini də gözündə qoymuşdu. Başqa sözlə, bir gülləyə iki dovşan vurmuşdu. Goal.az xəbər verir ki, bu məsələyə "Villareal"ın kapitanı Bruno Soriano da münasibət bildirib.
"Çerışevin "Valensiya"ya keçməsi məni təəccübləndirmədi. Bütün imkanlarını səfərbər edən bizim prezident Denisin "Villareal"a qayıdıb mövsümü burada başa vurmaq istədiyini bildirdi. İndi Çerışev başqa klubda çıxış edir. "Real"ın bunu İspaniya Kubokunda baş verənlərə görə etdiyi barədə fikrim yoxdur. Amma reallıq budur ki, Denisi bizə vermədilər", - Soriano deyib.