UEFA-nın seçdiyi 6 ən böyük oyun: Millimiz də var

Futzal üzrə Avropa çempionatlarının ən böyük 6 oyununun siyahısı açıqlanıb. Apasport.az xəbər verir ki, UEFA sabah start götürəcək yubiley - 10-cu yarış öncəsi əvvəlki final mərhələlərində dramatikliyi, marağı ilə diqqət çəkən matçları müəyyənləşdirib. Siyahıya Azərbaycan millisinin də oyunu daxil olub.

Komandamızın AVRO-2012-də Serbiya ilə keçirdiyi görüş seçilmiş 6 matçdan biridi. Zaqrebdə 8:9 hesabı ilə uduzan komandamız qrup ikinciliyini və 1/4 finala vəsiqəni dramatik şəkildə əldən vermişdi.

UEFA-nın rəsmi saytı həmin qarşılaşmanı belə xatırladıb: "Ortada 1/4 finala vəsiqə olduğundan, Azərbaycan və Serbiya va-banka getdilər. Nəticədə onlar final mərhələləri tarixinin ən məhsuldar oyununu keçirdilər. Həmin matç yarışın ən erkən qolu ilə əlamətdar oldu ki, Felipe 8-ci saniyədə Azərbaycanı hesabda irəli çıxardı. Matç ərzində azərbaycanlılar 4 dəfə hesabda irəli çıxdı, hətta 5:7 uduzarkən oyunda dönüş yaradıb, önə keçdi. Amma Boyan Paviçeviç və Vidan Boykoviçin qolları Serbiyanı önə keçirdi. Bu matç azarkeşləri son saniyəyədək intriqada saxladı".

Qeyd edək ki, siyahıda Rusiya - İspaniya (1999, 3:3, pen.4:2), Portuqaliya - İspaniya (1997, 2:2, pen.4:3), Çexiya - Macarıstan (2010, 6:5), Rusiya - İspaniya (2012, 1:3), Rusiya - İspaniya (2014, 4:3) matçları da yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31