Azərbaycan millisi “Antalya cup” turnirinin qalibi olub

Bu gün Türkiyədə keçirilən "Antalya cup" turnirində IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Antalyada təşkil olunan yarışda mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi son oyununda Bəhreynin U-20 yığması ilə görüşüb.

Turnirin V turunda oynamadan vətənə dönəcək komandamız bu matçda 4:0 hesabı ilə qalib gəlib.  Bu, Yaşar Vahabzadənin yetirmələrinin turnirdə 4-cü qələbəsi olub. Bunadək Ukraynanı 2:1, Səudiyyə Ərəbistanını 3:0, Albaniyanı 4:0 hesabı ilə məğlub edən yığmamız Bəhreyni də yenməklə turniri 1-ci pillədə başa vurub. Ardıcıl 3-cü dəfə böyük hesabla qalib gələn millimiz xal hesabını 12 xala çatdırıb.

Son turda Kosovo ilə qarşılaşmalı olan yığmamız bu oyuna çıxmadan vətənə dönəcək. Xalını 12-yə çatdırmaq şansları olan Ukrayna ilk tura təsadüf edən şəxsi oyunda millimizə uduzduğundan liderik şansını əldən verib.

Qeyd edək ki, turnirin V turunun oyunları yanvarın 30-da keçiriləcək. Yığmamız isə futbolçularının klubların düşərgəsinə qayıtması üçün sabah vətənə dönəcək.

"Antalya cup"
IV tur
28 yanvar
Azərbaycan U-21 - Bəhreyn U-20 - 4:0
Qollar: Taşkın İlter, 5, Elnur Cəfərov, 24, Ruslan Nəsirli, 79, Abbas Hüseynov, 83
"Su Səsi" otelinin "A" meydançası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31