Azərbaycan klubu fransalı hücumçuya təklif göndərdi

Türkiyənin "Göztəpə" klubunun hücumçusu Robert Maah karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az xəbər verir ki, fransalı futbolçu ölkəmizdən təklif alıb.

"Göztəpə"nin baş məşqçisi Metin Diyadin rəhbərliklə görüşündə Robert Maahın komandadan göndərilməsini istəyib. Nəticədə PTT I Liqa təmsilçisi 31 yaşlı forvardı transferə çıxarıb.

Karyerası ərzində "Bari", "Muskron" və "ÇFR Kluj" kimi komandalarda oynamış Maahın iki ölkədən təklif aldığı bildirilir. Təcrübəli futbolçunun karyerasını Azərbaycanla yanaşı, Qazaxıstanda da davam etdirmək variantı var.

Maahın xidmətində maraqlı olan Azərbaycan klubunun adı açıqlanmayıb. Buna baxmayaraq, həmin komandanın "Qarabağ" olduğunu ehtimal etmək mümkündür. Raydell Puponla yolları ayıran "köhlən atlar"da tipik hücumçu yalnız Samuel Armenteros qalıb. Neçə ildir ki, forvard axtarışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hələ də bu mövqeyə tam istədiyi səviyyədə futbolçu tapa bilməyib.

Maahla maraqlanan Azərbaycan klubunun "Qarabağ" olmaq ehtimalını qüvvətləndirən daha bir məqam var. Belə ki, Ağdam təmsilçisinin sabiq futbolçusu Leroy Corc hazırda "Göztəpə"nin formasını geyinir. Ola bilsin ki, Maahı Azərbaycan çempionuna məhz hollandiyalı yarımmüdafiəçi məsləhət görüb.

Qeyd edək ki, ötən ilin yayında "Göztəpə"yə keçən Maah cari mövsümdə ümumilikdə 15 oyunda iştirak edib. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31