Messi və Ronalduya azərbaycanlı nümunə

İspaniya La Liqasının XXI turunda "Betis"lə qarşılaşmada fərqlənən "Real"ın hücumçusu Kərim Benzema öz rekordunu yaxşılaşdırıb. Apasport.az-a  xəbər verir ki, bununla o, cari mövsümdə qollarının sayını 21-ə çatdırıb. La Liqada keçirdiyi 16 görüşdə 17 qola imza atan fransalı forvard Çempionlar Liqasında da 4 görüşdə rəqib qapılarından 4 top keçirib.

Benzema həm də "böyük beşlik" ölkələrində (İspaniya, İngiltərə, Almaniya, İtaliya, Fransa) meydanda olduğu dəqiqə sayına görə ən çox qol vuran futbolçu ünvanına sahibdir. 28 yaşlı oyunçu orta hesabla 69 dəqiqədən bir qol vurmağı bacarır. Onu müvafiq olaraq Zlatan İbrahimoviç və Robert Levandovski izləyirlər. Qonsalo İquain ilk "10-luq"dakı futbolçuların hamısından çox fərqlənsə də, meydanda olduğu dəqiqə baxımından sıralamada 4-cüdür.

Maraqlıdır ki, "Barselona"nın lideri Lionel Messi siyahıda 10-cu yeri tutur. "Real"ın "qol maşını" Kriştianu Ronaldu isə heç ilk "10-luğ"a da düşə bilməyib.

Azərbaycan Premyer Liqasında isə "Sumqayıt"ın hücumçusu Amil Yunanov bu baxımdan fərqlənir. Çempionatın bombardiri olan Riçard Almeydadan ("Qarabağ") cəmi 1 qol az vuran Yunanovun aktivində 6 top var. Bu mövsüm 6 matçda iştirak edən 23 yaşlı hücumçu ümumilikdə 264 dəqiqə meydanda olub. Bu isə o deməkdir ki, Amil Premyer Liqanın ilk yarısında 44 dəqiqədən bir fərqlənməyi bacarıb. Yəni Yunanov "böyük beşlik" ölkələrinin ən məhsuldar oyunçusu olan Benzemadan 50 faiz yaxşı nəticə göstərib.

"Böyük beşlik" ölkələrində ən məhsuldar futbolçular:
1. Kərim Benzema ("Real") - 1182 dəqiqəyə 17 qol (orta hesabla 69 dəqiqəyə 1 qol)
2. Zlatan İbrahimoviç (PSJ) - 1393 dəqiqəyə 17 qol (81 dəqiqəyə 1 qol)
3. Robert Levandovski ("Bavariya") - 1404 dəqiqəyə 17 qol (82 dəqiqəyə 1 qol)
4. Qonsalo İquain ("Napoli") - 1785 dəqiqəyə 21 qol (85 dəqiqəyə 1 qol)
5. Pyer-Emerik Obameyanq ("Borussiya" (Dortmund)) - 1564 dəqiqəyə 18 qol (86 dəqiqəyə 1 qol)
6. Qaret Beyl ("Real") - 1165 dəqiqəyə 13 qol (89 dəqiqəyə 1 qol)
7. Luis Suares ("Barselona") 1710 dəqiqəyə 18 qol (95 dəqiqəyə 1 qol)
8. Neymar ("Barselona") - 1527 dəqiqəyə 16 qol (95 dəqiqəyə 1 qol)
9. Tomas Müller ("Bavariya") - 1386 dəqiqəyə 14 qol (99 dəqiqəyə 1 qol)
10. Lionel Messi ("Barselona") - 1111 dəqiqəyə 11 qol (101 dəqiqəyə 1 qol)
... Kriştianu Ronaldu ("Real") - 1890 dəqiqəyə 16 qol (118 dəqiqəyə 1 qol)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31