Qaqauzlar acınacaqlı durumda olan klubu azərbaycanlı investora satmaq istədi, ancaq...
26 Yanvar 2016 13:22 İdmanMoldovanın Qaqauz muxtar vilayətinin "Saksan" futbol klubunu azərbaycanlı investora satmaq cəhdi baş tutmayıb. Virtulalaz.org qaqauz KİV-lərinə istinadən xəbər verir ki, "Saksan" muxtar respublikanın çempionatının birinci diviziyonunda oynayır, turnir cədvəlind sonuncu yerdədir və hazırda maliyyə durumu acınacaqlıdır. Klubun rəhbərliyi futbolçuların və məşqçi heyətinin maaşlarını verə bilmir. Son vaxtlar klub Azərbaycandan investorlar cəlb etmək üçün səylər göstərib. Ötən həftənin sonunda klubun prezidenti Qriqori Kadınla Azərbaycandan olan sponsorların nümayəndəsi kimi çıxış edən keçmiş futbolçu İlqar Nəbiyev arasında danışıqlar olub. Lakin tərəflər razılaşma əldə edə bilməyiblər. Beləliklə də, kluba Azərbaycandan sponsor cəlb etmək planı baş tutmayıb. Həmin İlqar Nəbiyevə gəldikdə isə 2013-cü ildə o, Moldovanın "Nistru" klubunda oynayıb. Bir dəfə o, soyunub-geyinmə otağında klubun prezidenti Vasili Traqiro ilə dalaşıb. Buna səbəb azərbaycanlı futbolçunun "Kostulen" komandası ilə oyuna çıxmaması olub. İnsidentdən sonra futbolçu klubu tərk edib və idman karyerasına son qoyub.