Cüdoçulardan 3 medal
25 Yanvar 2016 13:00 İdmanKubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın üçüncü - sonuncu günündə Kuba Qran-Prisində Azərbaycana növbəti medalı Elxan Məmmədov qazandırıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Daha sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran Məmmədov, 1/4 finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə BƏƏ cüdoçusu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən Elxan Məmmədov Kuba Qran-Prisinin bürünc medalını qazanıb. Beləliklə, Kuba Qran-Prisini cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub.