Azərbaycan dünyanın ən yaxşıları arasında, Ermənistan siyahıya düşmədi
22 Yanvar 2016 12:06 İdman"Sport Market Intelligence" dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Apasport.az xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.
Belə ki, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, həmçinin I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdədir. Ölkəmizin əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir.
Bizi yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyur.
İlk "üçlük"də Rusiyanı müvafiq olaraq, Kanada (40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədir.
Şəhərlərin siyahısına isə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdir. İlk "beşlik"də Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın 26-cı şəhəridir. Paytaxtımız Los-Anceles, Nankin, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto və bir sıra aparıcı şəhərlərdən öndədir.
Bakı MDB məkanında Moskva, Kazan, Soçi, Sankt-Peterburq və Almatıdan sonra 6-cı yerdədir. İstanbul isə ümumi siyahıda 6-cıdır.