"Arzularımdan daha artığını qazanmışam"
"Qızıl top" qazanan Lionel Messi ilk açıqlamasını verib
12 Yanvar 2016 06:32 İdmanKaryerası ərzində 5-ci dəfə "Qızıl top" qazanan Lionel Messi ilk açıqlamasını verib.
ANS PRESS-in məlumatına görə, argentinalı ulduz 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olmuşdu.
FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirilən sorğunun qalibi ilk öncə onu seçənlərə minnatdarlığını bildirib."Bu mükafatı qazanmaq çox gözəl bir duyğudu. Uşaqlığımdan xəyal etdiyim arzularımdan daha artığını qazanmışam. Ailəmə, komanda yoldaşlarıma təşəkkür edirəm. Onlarsız bütün bu uğurları qazana bilməzdim. Mənə verdiyi hər şeyə görə futbola təşəkkür etmək istəyirəm. Futbol sayəsində bu gün burdayam", - deyə "Barselona"nın və Argentina millisinin aparıcı futbolçusu bildirib.
Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.