Elçin Cəfərov: "Yerli idmançılarla işlər aparılır" AÇIQLAMA

"Əgər yerli idmançı bu gün o rəqabətə, mübarizəyə hazır deyilsə, onun beynəlxalq yarışlara aparılmasının qəti əleyhinəyəm. Bəli, biz çox istərdik ki, idmançılarımızın hamısı yerli olsun. Ancaq elə çəki dərəcələri var ki, orda yerli idmançının istənilən səviyyəyə çatmasına illər lazımdır. Kimliyindən asılı olmayaraq, idmançı Azərbaycan dövlətinin vətəndaş pasportunu daşıyır, Respublikamızın adından çıxış edir, bayrağını qaldırır, yüksək nizam-intizama, idman prinsiplərinə, ölkəmizin adət-ənənələrinə riayət edirsə, burda qəbahətli bir şey yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov deyib.

O, legionerlərin çıxış etdiyi çəkilərdə yerli idmançılarla müntəzəm işlərin aparıldığını qeyd edib: "Həmin çəkilərdə güləş məktəblərində, regionlarda işlər aparılır. Regionlarda Respublika xarakterli turnirlər keçirir, Gənclər və İdman Nazirliyi ilə birlikdə müxtəlif yaş qrupları arasında turnirlər təşkil edirik. Ancaq bu çəkilərdə yerli idmançıların lazım olan peşəkar səviyyəyə çatması üçün müəyyən illər lazımdır. Biz onları gözləyirik. Hamısını yığma komandalara cəlb edəcəyik. Onlar bizim nəzərimizdədirlər".

Federasiyanın vitse-prezidenti əlavə edib ki, legionerlərə çatana qədər yerli idmançılarla işlər davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31