İdmançımız ABŞ-da keçirilən qılıncoynatma üzrə yarışda medal qazanıb
16 Dekabr 2015 13:56 İdmanABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə qran-pri yarışı keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasından "OLAYLAR"-a verilən məlumata görə, yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılarımız Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil edib. 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya xalları verən yarışda Səbinə Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə çalıb. 1/64 finaldan yenidən mübarızəyə qoşulan Səbina Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub. Beləliklə, Səbinə Mikina 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak etmək imkanlarını artırıb. Səbinə Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək. Qeyd edək ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının keçirdiyi Qılıncoynatma üzrə 45-ci Dünya Çempionatı 2015-ci ilin oktyabrında başlayıb və 2016-cı ildə Rio-de-Janeyroda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında yekunlaşacaq.