Məşqçilərimiz Dünya Güləş Birliyinin seminarında iştirak edib
15 Dekabr 2015 16:01 İdmanYaponiyanın paytaxtı Tokioda dünyanın 12 ölkəsindən 30 məşqçsinin iştirakı ilə Dünya Güləş Birliyinin baş məşqçilər üçün təkmilləşdirmə seminarı keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, seminarda yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi və qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterev də iştirak edib. Üç gün davam edən seminarda həm nəzəri, həm də praktiki məşğələlər keçirilib. Məqsəd məşqçilərin təlim üsulları və nəticələrin təhlili qabiliyyətlərini təkmilləşdirmək, texniki və taktiki hazırlıqlarının daha da artırılmasına yardım etməkdir. Seminarda iştirak edən DGB Hakimlər Kollegiyasının nümayəndəsi İbrahim Cicioğlu məşqçilərin suallarını cavablandırıb, hakimliklə bağlı problemləri dinləyib, güləş qaydalarındakı son vəziyyət barədə video-məlumat verib. Məlumat üçün bildirək ki, bu günlərdə Gürcüstanın Tbilisi şəhərində Dünya Güləş Birliyinin Birinci Mərhələ Məşqçilik Kursu da keçirilir. Kursda yığma komandamızın məşqçilər korpusundan sərbəst güləş üzrə Arif Abdullayev, Rövşən Umudov və Elşad Allahverdiyev, yunan-Roma güləşi üzrə isə Bəhram Mürvətov, Rasim Ağayev və Fuad Alıyev iştirak edir.