“Monako” “Tottenhem” önünə əsas heyətlə çıxmayacaq
9 Dekabr 2015 18:50 İdman"Monako" Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanacağına inanmır. Apasport.az saytının məlumatına görə, "Qarabağ"la eyni qrupda yer alan Fransa təmsilçisi Ağdam klubunun son görüşdə "Anderlext"i büdrədəcəyini güman etmir. Bu səbəbdən də Knyazlıq klubunun baş məşqçisi Leonardo Yardim "Tottenhem"lə son tur matçında əsas heyətin bir neçə üzvünə istirahət vermək fikrindədi. Qvido Karrilyo və Fabio Koentrao, onsuz da, zədədən əziyyət çəkirlər. Bundan başqa, əsas heyət üzvlərindən İvan Kavalyero, Joao Moutinyo, Tomas Lemar və Ceremi Tulalan "Uayt Hart Leyn" stadionunda meydançaya çıxmayacaqlar. Həmçinin, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirən "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino da eyni addımı atacaq. O, hazırda formada olan bir neçə aparıcı oyunçusunu qorumaq fikrindədi. Konkret olaraq, Yan Vertongen, Harri Keyn və Erik Dayer kimi futbolçuların sabah iştirak etməyəcəyi gözlənilir. Əvəzində Harri Vinks, Joş Onoma, Şeyon Harrison kimi gənclər oynamaq imkanı əldə edə bilərlər.
Qeyd edək ki, "Tottenhem" Avrokubokda doğma arenasında keçirdiyi son 7 matçın hamısında qələbə qazanıb.