Adrian Skarlatakenin planı: Azərbaycan alınmasa...

"Azərbaycanın heç bir klubundan mənə hələlik təklif gəlməyib". Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran"la yollarını ayıran Adrian Skarlatake deyib. Rumıniyalı müdafiəçinin cənub klubu ilə müqaviləsinin müddəti sabah rəsmən başa çatacaq. Azad agent statusu daşıyacaq Skarlatake karyerasını ölkəmizdə davam etdirmək niyyətindədi.

O bildirib ki, Azərbaycandan təklif gəlsə, müsbət cavab verəcək: "Müqaviləmin müddəti başa çatandan sonra fikrimi təkliflərə yönəldəcəm. Azərbaycanda qalmaq istərdim. Uzun müddətdi karyeramı ölkənizdə davam etdirirəm. Buraya öyrəşmişəm. Azərbaycan klublarından təklif gəlsə, dəyərləndirməyə hazıram. Adımı müxtəlif klublarla birgə hallandırırlar. Amma heç kim hələ ki, mənə müraciət etməyib".

Azərbaycandan təklif gəlməyəcəyi halda, təcrübəli futbolçu Çin və ya Türkiyəyə yollana bilər: "Çinin bir neçə klubu ilə danışığımız olub. Bundan əlavə, xidmətimdə maraqlı olan Türkiyə təmsilçiləri də var. Onların cavabını gözləyirəm. Ancaq ilk növbədə, Azərbaycan variantını düşünürəm. Əgər təklif gəlməsə, Çin və ya Türkiyəyə yollana bilərəm".

Qeyd edək ki, Skarlatake "Xəzər Lənkəran"da keçirdiyi 120 oyunda 13 qola imza atıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31