Ferqyusson, Allahverdiyev, Yuran və Syomin

UEFA eyni klubda çalışan məşqçi qardaşların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, buna Nevill qardaşlarının İspaniya "Valensiya"da işə başlaması səbəb olub. Hari Nevillin baş məşqçi təyin edilməsi, qardaşı Fili köməkçisi postuna gətirməsi UEFA-nı belə araşdırma aparmağa sövq edib. Eyni klubda baş məşqçinin qardaşının da çalışdırıcı kimi işləməsi faktları isə onlarladı. Belələri arasında Aleks və Martin  Ferqyusson, Ronald və Ervin Kuman, Niko və Robert Kovaç kimi tanınmış qardaşlar da var. Siyahıda Azərbaycan da təmsil olunub. Belə ki, uzun illər "Kəpəz"in uğurları üçün çiyin-çiyinə çalışan Mehman və Füzuli Allahverdiyev qardaşları da UEFA-nın diqqətindən yayınmayıb. 1993-cü ilədək hər iki qardaş futbolçu olubsa, 1993-2000-ci illərdə Mehman Allahverdiyev baş məşqçi, Füzuli Alalhverdiyev oyunçu kimi Gəncə klubuna xidmət edib. 2000-2003 və 2011-ci illərdə isə onlar da Nevillər kimi fəaliyyət göstəriblər - bir qardaş baş, digəri köməkçi kimi. İndi də "Kəpəz"də olan qardaşlardan biri - Füzuli Allahverdiyev yenə köməkçi məşqçi, qardaşı icraçı direktor kimi çalışır.

Qeyd edək ki, siyahıya daxil olan Sergey və Yuri Yuran qardaşları da ölkəmizdə birlikdə çalışıb. Sergey "Simurq"un baş məşqçisi, Yuri osə onun köməkçisi olub. UEFA ata və oğulları da nəzərdən qaçırmayıb. Onlar arasında "Qəbələ"də birlikdə çalışan rusiyalılar Yuri və Andrey Syomin də yer alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31