Tərlan Əhmədov Fariz Yusifovdan gileyləndi: İstədiyini elədi
2 Dekabr 2015 18:55 İdman"Qarşılaşma düşündüyümüzdən daha çətin keçdi. AZAL oyundan oyuna daha yaxşı təsir bağışlayır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib. Azərbaycan kubokunun 1/8 final mərhələsinin AZAL-la görüşü haqda fikirlərini açıqlayan Şükürov 2:1 hesablı qələbədən razı qalıb: "Qalib gəlib, yolumuza davam etdiyimiz üçün çox sevinirəm. Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq".
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə ölkə futbolundakı hakimlik problemini qabardıb. Fariz Yusifovun qərarlarından narazı qalan mütəxəssis bu hakimin artıq neçənci dəfədi AZAL-ın əleyhinə qərarlar verməsini vurğulayıb: "Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdu. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq. Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdı? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün, "Sumqayıt"la oyunda qapımıza penalti verdilər, etiraz etmədim".