Hollandiya klubunda çıxış edən azərbaycanlı: Əsas tənqidçim atamdı
1 Dekabr 2015 18:50 İdman"Den Boş"un əsas komandasında tezliklə debüt edəcəyimə inanıram. Buna görə də, üzərimdə çox çalışıram". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşa qədər futbolçulardan ibarət yığmasının və Hollandiyanın "Den Boş" klubunun üzvü Ziya Əzizov deyib. Erstediviziya klubunun üzvü olan Əzizov "Brabant Yunayted"in uşaq futbol akademiyasının yetirməsidi. Akademiyanın ən istedadlı yetirmələrindən sayılan Əzizov "Den Boş" komandasına böyük ümidlərlə götürülüb. 5 yaşından futbolla məşğul olan həmyerlimiz hazırkı klubunun heyətində yoldaşlıq görüşündə debüt etsə də, çempionat görüşündə oynamaq imkanını hələ ki, qazanmayıb. Buna baxmayaraq, Əzizov tez bir zamanda "Den Boş"un heyətində Erstediviziyada meydana çıxacağına inanır. Hollandiya mətbuatına danışan həmyerlimiz getdikcə daha güclü futbolçuya çevrildiyini bildirib: "Den Boş"la "Brabant Yunayted"də çıxış edən 19-20 yaşlı futbolçular arasındakı fərq böyükdü. Burda oynayanlar fiziki cəhətdən güclüdülər. Odu ki, həm hücuma qoşulmaq, həm də müdafiə olunmaq mənasında, daha da güclənmişəm. Hücuma keçmək keyfiyyətlərim və texnikamdan yararlanmağa çalışıram". Əsas tənqidçisi atası olan Əzizov futbolçu kimi ən yüksək səviyyəyə çatmaq arzusundadı: "Dostlarıma, ailəmə bağlıyam. Əsas tənqidçim atamdı. O, oyunumu həmişə diqqətdə saxlayır və məni tez-tez tənqid edir. "Real", "Barselona", yoxsa "Bavariya"da oynamaq istəyirəm? Ən yüksək səviyyəyə çatmaq arzusundayam. Peşəkar futbolçu kimi özümü sübuta yetirəcəm".