Azərbaycan və Yunanıstan klubları: Yenə heç-heçə?

Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK - "Qəbələ" oyunu Azərbaycan və Yunanıstan təmsilçilərinin yubiley - 10-cu duelidi. Apasport.az saytının məlumatına görə, iki ölkə komandaları indiyədək 4 dəfə yığma, 5 dəfə klub səviyyəsində qarşılaşıb. 1998-ci ilə təsadüf edən ilk matç U-16-ların qarşılaşmasında gerçəkləşib. Həmin vaxt Şahin Diniyevin yetirmələri qolsuz heç-heçə ilə kifayətlənib.

AVRO-2008-də U-21 iki dəfə məğlub olub - 1:4, 0:2. AVRO-2011-də U-19 yığmamız da məğlubiyyət acısı yaşayıb - 0:1

Maraqlıdı ki, avrokuboklarda baş tutan 5 qarşılaşmanın hamısında heç-heçə qeydə alınıb. 2012/13 mövsümündə "İnter" Yunanıstan "Asteras"lına hər iki oyunu 1:1 hesabı ilə nəticələnən dueli penaltilər seriyasında uduzub. Həmin görüşlərdə hər iki qolu Tales Şüts vurub. Cari mövsümdə isə "Qəbələ" "Panatinaikos"u səfər qolu ilə keçib - 0:0, 2:2. Afinadakı qolları Dodo rəqib qapısından keçirib. Əyalət klubunun PAOK-la ilk matçında da qapılara qol vurulmayıb.

Lakin "Qəbələ"yə qədər də PAOK-la üz-üzə gələn azərbaycanlı futbolçu olub. 2011/12 mövsümündə "Panionios"da çıxış edən Araz Abdullayev Salonikidə meydana da çıxıb. Onun 90 dəqiqə oynadığı matçda PAOK qalib gəlib - 1:0.

Yarımmüdafiəçimiz Ellada torpağında oynamış yeganə azərbaycanlıdısa, çempionatımızdakı yunanların sayı nisbətən çox olub. Onlardan Dmitrios Sialmas və Vangelis Mantzios daha iddialı klublarda çıxış edib. Onlar müvafiq olaraq, "Xəzər Lənkəran"la "Bakı"nın formasını geyinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31