Futbolçu xanım jurnalist ərini məhkəmədə uddu - İranda
24 Noyabr 2015 18:50 İdmanQadınlardan ibarət İran futzal yığmasının kapitanı Nilufər Ərdələn bu il Qvatemalada keçiriləcək dünya çempionatında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı idmançı yarışa qatılmaq üçün hüquq-mühafizə orqanlarının köməyinə ehtiyac duyub.
Belə ki, Nilufər prokurorun ölkəni bir dəfə tərk etməyə icazə ilə bağlı qərar çıxarmasından sonra mundiala qatılmaq imkanı qazanıb. Onu prokurorluğa müraciət etməyə İrandakı mövcud qaydalar vadar edib.
Məsələ ondadı ki, bu ölkədə qadınlar həyat yoldaşının icazəsi olmadan ölkəni tərk edə bilməz. Ərdələn də idman jurnalisti olan həyat yoldaşı Mehdi Tütünçünün razılığı olmadığı üçün məsələni məhkəmə yolu ilə həll edib.
2 ay əvvəl eyni səbəbdən Asiya çempionatını buraxmalı olan Nilufər qitə çempionu olan komandasından ayrı düşmüşdü. Həmin vaxt əsas səbəb 7 yaşlı oğlanlarının ilk dəfə məktəbə getməsi olub.
Lakin Ərdələn ikinci dəfə belə ayrılıqla üzləşməmək üçün Mehdiyə qarşı çıxıb: "O, pasportumu vermir. Qadağası üzündən turnirdə iştirak edə bilmirəm. Rəhbər orqanlar hansısa çıxış yolu tapmalıdı ki, müsəlman qadınların hüquqları qorunsun. Mən öz ölkəmin şərəfini qorumaq istəyirəm. Bu, istirahət deyil, borcumdu".
Qeyd edək ki, sayca 6-cı olan turnir eksperimental xarakteri daşıyır. Noyabrın 24-29-da Qvatemalada baş tutacaq yarışda 8 komanda çıxış edəcək. İran millisi A qrupunda Portuqaliya, Kosta-Rika və əvvəlki yarışların dəyişməz çempionu Braziliya ilə mübarizə aparacaq.