Güləşçilərimizdən yüksək nəticə

İranın paytaxtı Tehranda kiçik yaşlı yeniyetmələr arasında "Day of Children" beynəlxalq turniri keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri mübarizə aparıb. Yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü pillədə qərarlaşıb.  Komanda yarışı olan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) komandalarını məğlub edərək finala yüksəlib. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalına yiyələnib. Sərbəst güləşçilərimiz isə İraq və Gürcüstan güləşçilərini 9:1 hesabı ilə məğlub edib, İran komandasına 4:6 uduzaraq qrupu ikinci sırada tamamlayıb. Bu nəticə ilə, yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 bərabər olsa da, texniki üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medallarına yiyələnib.  Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31