"Qalatasaray"ın yeni baş məşqçisi kim olacaq?
23 Noyabr 2015 12:02 İdman"Qalatasaray"ın yeni baş məşqçisinin adı bu gün rəsmən açıqlana bilər. Apasport.az xəbər verir ki, Mustafa Dənizlinin "sarı-qırmızılı" komandanın "sükanı arxası"na keçməsi artıq an məsələsidi. "TRT Spor" kanalında yayımlanan "Stadyum" verilişinin şərhçisi olan Dənizli dünənki proqramda "Qalatasaray"ın prezidenti Dursun Özbəkdən təklif aldığını etiraf edib. "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı hətta bu gün prezidentlə görüşəcəklərini də vurğulayıb: "Dünənə qədər "Qalatasaray"dan bir təklif yox idi. Ancaq Dursun Özbək zəng vuraraq mənimlə görüşmək istədiyini bildirdi. Onunla sabah (bu gün) görüşüb danışıq aparacağıq. Ortaq məxrəcə gələ bilsək, bu keçid baş tuta bilər". "Fotomaç" qəzeti isə bir qədər də irəli gedərək, Mustafa Dənizlinin köməkçilərinin də artıq müəyyənləşdiyini yazıb. Xəbərdə bildirilir ki, bundan sonra "Qalatasaray"ın məşqçilər korpusunda qapıçı məşqçisi Klaudio Taffarellə yanaşı, Ərgün Pənbə, Ümit Davala və italiyalı Stefano Marrone yer alacaq.
Qeyd edək ki, məşqçilik karyerasında iki dəfə (1987-89, 1990-92) "Qalatasaray"ı çalışdırmış Mustafa Dənizli "Fənərbağça" (2000-01) və "Beşiktaş"a (2008-10) da rəhbərlik edib. 66 yaşlı mütəxəssisin son komandası isə "Xəzər Lənkəran" (2013-14) olub.